27 Aralık 2012 Perşembe

Yaxsiliq

Yaxsiliq ve xeyirxaqliq hec vaxt itmir. Gec tez yaxsiliq eden sexsin ozune qayidir .Onu esl insan kimi tanidir ve ucaldir ,sohretlendirir.Xeyirxaqliq esl terbiye mektebidir ve terbiye vasitesidir . Bizden komek umanlara,cetine dusenlere qayqi gostermeli,onlarin harayina ,komeyine catmaliyiq .Xeyirxaqliq temennasiz edilen yaxsiliq ve evezi gudulmeden gosterilen komeklikdi .
Sizler ozunuzu yaxsi , yoxsa xeyirxaq hesab edirsiniz?

26 Aralık 2012 Çarşamba

Pedaqoji ustaliq


“PEDAQOJİ USTALIĞIN ƏSASLARI” FƏNNİNİN TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI
        
              Ölkəmizin tarixindən bidiyimiz kimi, 1991-ci ildə Sovet Sosialist Respublıkaları İttifaqı (SSRİ) dağılmış, bu birliyə daxil olan digər xalqlar kimi Azərbaycan xalqı da müstəqillik əldə etmiş, öz suveren dövlətçiliyini ən demokratik prinsiplər əsasında qurub-yaratmağa və inkişaf etdirməyə nail olmuşdur. Bu yolda böyük çətinliklər, maneələr olsa da dövlətimiz inamla irəliləməkdə, möhlənməkdə davam edir. İnsanların həyata, cəmiyyətə, özünə, soykökünə, keçmişinə, bu gününə və sabahına münasibəti dəyişməkdə, yeniləşməkdədir. Ölkəmizin demokratiya, hüquqi dövlət, azad ticarət, özəlləşdirmə yolunda nəzərə çarpacaq müəyyən uğurlar qazandığı, iqtisadi inkişafa nail olduğumuz indiki yeniləşən şəraitdə köhnə qaydalar, tələbər, münasibətlər, meyarlar, keyfiyyətlər ilə işləmək, təlim, tərbiyə, təhsil işlərini ənənəvi, standart məzmunda, formada, səviyyədə aparmaq olmaz. Tədris planı, tədris proqramı, ümumiyyətlə təhsilin məqsədi, məzmunu, vəzifələri dəyişdiyi kimi, onun üsullarının, prinsiplərinin, vasitə, forma və yollarının istifadəsində köhnə stereotiplərdən uzaqlaşmaq, yaradıcılıq, yenilik nümunəsi göstərmək son dərəcə vacibdir. Bu milli ideologiyanın tələblərinə cavab verəcək hərtərəfli inkişaf etmiş yeni insanın formalaşdırılması kimi ən vacib bir işlə məşğul olan müəllim və tərbiyəçilərimizə daha çox aiddir. Müasir məktəb bizdən gənc nəslin təlim-tərbiyəsi ilə mükəmməl məşğul ola biləcək usta-müəllimlər, pedaqoji ustalığın zirvələrinə yüksəlmiş şəxsiyyətlər tələb edir. Bu isə müasir təlim-tərbiyə nəzəriyyəsi və praktikası üçün pedaqoji ustalıq problemini daha da aktual edir.
                Rus və sovet pedaqogikasının klassikləri pedaqoji ustalığın formalaşdırılması problemini gələcək müəllimlərin hazırlanmasında həmişə vacib hesab etmişlər.Y.P.Azarov, F.N.Qonobolin, N.V.Kuzmina, A.N.Şerbakov, V.A.Slastenin, A.V.Petrovski kimi alimlərin əsərlərində pedaqoji ustalığın təkmilləşdirilməsi yolları geniş şəkildə işıqlandırılmışdır. Ayrıca götürülmüş pedaqogika, psixologiya, xüsusi metodika dərsliklərində bu məsələ lazımi səviyyədə verilmədiyi üçün, bu sahədə ayrıca fənnin – “Pedaqoji ustalığın əsasları” fənninin yaradılması ideyası ortalığa çıxdı. 1979-cu ildə Ukraynanın Poltava Pedaqoji İnstitutunda bu fənnin tədrisi ilk dəfə olaraq reallaşdırıldı. A.S.Makarenko, V.A.Suxomlinski kimi tanınmış pedaqoqlar yetişdirmiş bu institutda müəllim hazırlığını daha da yaxşılaşdırmaq, təsadüfi adamların bu sahəyə düşməsinə imkan verəmək üçün abiturient seçmək, onu nəzəri və əməli pedaqoji idraka hazırlamaq işinə ümumtəhsil məktəblərindən başladılar. Pedaqoji peşəyə daha çox marağı olan məktəblərin yuxarı sinif şagirdləri üçün “Gənc pedaqoq” fakultətiv məşğələləri təşkil olundu. Burada müəllimliyə xüsusi istedadı, qabiliyyəti, marağı olanlar bu peşənin mahiyyəti, məqsədi, xüsusiyyətləri, xarakerik cəhətləri, ictimai cəmiyyət orqanizmində onun rolu, əhəmiyyəti ilə ətraflı surətdə tanış edirlirdilər. Bu da gənclərin pedaqoji ixtisasa erkən hazırlanmalarında son dərəcə mühüm və əlverişli rol oynamışdır. Poltava Pedaqoji İnstitutunun 1-4 kurslarında “Pedaqoji ustalığın əsasları” fənninin öyrədilməsinə 108 saat ayrılmışdı. 1988-ci ildən isə “Pedaqoji ustalığın əsasları” fənni Azərbaycanda – Azərbaycan Pedaqoji Universitetində (keçmiş APİ)  tədris olunmağa başlamışdır. Bu fənnin tədris proqramını və ilk dərsliyini istedadlı, pedaqoq Həmzə Əliyev işləyib hazırlamışdır.
              “Pedaqoji ustalığın əsasları” fənni pedaqoji elmlər sisteminə daxil olan müstəqil bir elm kimi bu gün də ölkəmizdəki pedaqoji tədris müəssisələrində müxtəlif ixtisaslar üzrə müəllim kadrlarının hazırlanmasında daha böyük inamla və llhamla tədris edilməkdədir. Bu fənn, pedaqogika, psixologiya, xüsusi metodika, pedaqoji etika, pedaqoji estetika, tərbiyə işinin metodikası kimi fənləri əhatə edir, öz inkişafında digər elmlər kimi bu elmlərin də materiallarından istifadə edir.

“PEDAQOJİ USTALIĞIN ƏSASLARI” FƏNNİNİN MƏQSƏDİ, MÖVZUSU VƏ VƏZİFƏLƏRİ
                 Bildiyimiz kimi, pedaqogika elminin obyekti (yəni, orijinal) təcrübənin verilməsi prosesi, mövzusu ilə həmin obyektin pedaqoji baxımdan öyrənilməsi olduğundan, pedaqoji ustalığın mövzusu isə həmin obyektin daha məharətlə, kamilliklə öyrənilməsi prosesidir. Pedaqoji elmlər sisteminə daxil olan “Pedaqoji ustalığın əsasları” da öz obyektini pedaqoji müşahidə, pedaqoji müsahibə və pedaqoji eksperiment kimi tədqiqat metodları əsasında öyrənməli olur. Pedaqoji ustalıq səviyyəsinə yüksəlməyə səy edən müəllim-tərbiyəçi “təcrübənin verilməsi”, “pedaqoji gerçəklik”, “pedaqoji proses” kimi anlayışları, onların komponentlərini- tərkibini, əhatə dairəsini ətraflı və dəqiq bilməlidir. Məhz bu zaman təcrübə anlayışına daxil olan biliklər sistemi, münasibətlər sistemi, bacarıq və vərdişlər sistemi, yaradıcılıq təcrübə sahəsində reallıqdan ideallığa çevrilməklə ustalıq zirvəsinə qalzmaq mümkün olur. Usta – öz işini məharətlə aparan şəxsidir. Usta müəllim şəxsiyyət psixologiyasını və onu öyrətməyin dərin bilicisi, təlim-tərbiyənin yollarına yiyələnmiş bir şəxsiyyətdir. Bütün peşə sahələrinin özünəməxsus xüsusiyyətləri olduğu kimi, pedaqoji peşənin də özünün səciyyəvi xüsusiyyətləri vardır. Bu isə onun ümumi qanunlarında öz ifadəsini tapmışdır. Belə ki, 1-ci tərbiyənin məqsədinin mövcud ictimai münasibətlərdən asılı olması, daha doğrusu, ictimai münasibətlərin xarakterinə, inkişaf səviyyəsinə, mütləq, uyğun qurulması, 2-ci təlim-tərbiyə materiallarının əvvəlki qanunun tələbləri əsasında seçilməsi, 3-cü məzmunun tələbinə uyğun olaraq tərbiyənin vasitələrinin seçilməsi,4-cü qanun vasitəsi ilə metodların arasında əlaqənin düzgün seçilməsi, 5-ci qanun tərbiyənin qolları və tərbiyəçilər arasındakı daxili əlaqənin ifadəsində özünü əks etmiş olur.
            Pedaqpgikanın ümumi qanunlarından aydın olur kimi müəllim faəliyyətinin nəticələrinə görə azad deyildir. Onun fəaliyyəti mövcud cəmiyyətin bugünkü və gələcək inkişaf tələblərinə cavab verə biləcək ahəngdar formalaşmış, azad, təşəbbüskar, zəhmətsevər, milli qeyrətli, islami mənəviyyatlı, bəşəri mədəniyyət səviyyəli şəxslər yetişdirməyə istiqamətlənməlidir. İctimai münasibətlərin müasir və gələcək səviyyəsi ilə şərtləşən vəzifələri müəllimə hazır şəkildə vermək, diqtə etmək mümkün deyildir, bunu onun özü, fəaliyyət göstərdiyi mühit, kollektivin səviyyəsi, xarakteri, hadisənin sosial, siyasi, ictimai, iqtisadi və etik-estetik yönümü, pedaqoji ustalıq səviyyəsi diqtə etməlidir Pedaqoji məlumatlılıq, məharət, ustalıq məhz burada özünü göstərir. Müəllim bu gündə yaşayır, lakin gələcəyi qurur. Bu çox mürəkkəb bir işdir. Müəllimin məqsədi tərbiyə etdiyinin gələcəyində obyektivləşir. Uşaq isə bu günlə yaşayır, gələcək onun üçün çox uzaqdır. Bu ziddiyyət tərbiyənin faciəsinin əsasıdır. Usta müəllim uşağın gələcəyini qurmaqda ona kömək etməli, yol göstərməli, istiqamət verməli, onda öz gələcəyinə güclü inam yaratmağa çalışmalıdır. Bunlar olmadan xalqımızın gələcəyini tərbiyə etmək, hərtərəfli inkişaf etmiş şəxsiyyəti formalaşdırmaq mümkün deyildir. Ona görə də cəmiyyətimizə bu işlə məşğul ola biləcək usta müəllimlər həmişə lazımdır və onun hazırlanması işinə də vicdanla yanaşmaq çox vacibdir. 


PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT
            Gələcək müəllimlərin hazırlamasında onlarda pedaqoji ustalığın formalaşdırılması ən vacib məsələlərdən biridir. Pedaqoji ustalıq təlim-tərbiyə fəaliyyətinin bütün növlərini optimallaşdırmaq, onları şəxsiyyətin hərtərəfli inkişafına və təkmilləşməsinə yönəltmək, onun dünyagörüşünü, qabiliyyətlərini, ictimai fəaliyyətindəki tələbatlarını formalaşdırmağı yüksək professional səviyyədə bacarmaqdır. Ustalıq fəaliyyətdə təzahür edir. Pedaqoji ustalıq təlim-tərbiyə fəaliyyəti ilə məşğul olan şəxslərin – müəllim və tərbiyəçilərin professional ustalığıdır. O pedaqoji fəaliyyətin yüksək səviyyəsi və ya ən uca və daim təkmilləşən təlim-tərbiyə sənətidir. Metodiki ustalığın elmi biliklər, bacarıqlar, vərdişlər və müəllimin şəxsi keyfiyyətlərinin sintezidir. Bu işin əsas mahiyyəti müəllimin şəxsiyyətində, onun mövqeyində, fəaliyyətini yüksək professional səviyyədə idarə etmək qabiliyyətindədir. Bundan ötrü isə müəllim pedaqoji fəaliyyətdən baş çıxarmalı, onun məqsədini, vasitələrini, obyektini, subyektini yaxşı bilməlidir, bu işə yaradıcı yanaşmalı, uşağın maraqlarını nəzər almalıdır. Müəllimin işinin məqsədi cəmiyyət tərəfindən müəyyənləşdirilir. Çünki, müəllim öz əməyinin son nəticələrini seçməkdə azad deyil, onun hərəkətləri məktəbli şəxsiyyətinin hərtərəfli inkişafına doğru yönəlməlidir. Lakin məqsəddən doğan konkret vəzifələri pedaqoji şəraitlə əlaqələndirməkdə müəllim özü işini qurmağı bacarmalıdır.
            Müəllimin fəaliyyəti başqasının fəaliyyətini idarəetmə mahiyyəti, bir növ şagirdin fəaliyyətinə uyğunlaşdırmaq xarakteri daşıyır. Orada həm müəllimin, həm də uşağın istəyi öz ifadəsini tapmalıdır, hər iki istək üst-üstə düşməlidir. Məhz bu zaman əməkdaşlıq pedaqogikası özünə yol tapır. Sonra pedaqoji fəaliyyətin mürəkkəbliyi onun şagirdin gələcəyinə inamın obyektivləşməsində, ifadəsində özünü göstərir. Bu məqsəd müəllimə yaxın və aydlndır. O şagirddən tələb edir: “Sən bilməlisən, bacarmalısan, etməlisən”. Beləliklə, pedaqoji fəaliyyətin məqsədi müəllimdən cəmiyyətin sosial vəzifəsini şəxsən qəbul etməyi, konkret hərəkətlərin məqsəd və vəzifələrini yaradiciliqla anlamaqi şagirdin maraqini nəzərə alaraq təlim fəaliyyətində onlara verilmiş vəzifəni başqa şəkilə salmaği bacarmaği tələb edir,.Tərbiyənin əsas vasitələri əmək, ünsiyyət, oyun və təlimdir. Uşaqlar bu fəaliyyət növlərində müntəzəm iştirak edirlər.
            Pedaqoji əməyin obyekti təkrarolunmaz fərdi keyfiyyətləri, baş verən hadisələrə şəxsi münasibəti və dərketmə olan fəal varlıqlar – canlı insandır. O daima dəyişir, inkişaf edir, özünə yaradıcı münasibət, axtarış tələb edir. O, pedaqoji prosesin fəal iştirakçısıdır. Müəllimlərlə yanaşı, ona əhatə olunduğu həyat da, çox vaxt kortəbii şəkildə, çoxplanlı və müxtəlif istiqamətlərdə təsirlər edir. Ona görə də pedaqoji əmək uşağa olunan bütün təsirlərin düzəlişlərlə verilməsini, lazım gələrsə, tərbiyə ilə yanaşı yenidəntərbiyə və özünütərbiyədən də istifadə edilməsini nəzərdə tutur. Bütövlükdə müasir pedaqogika, əməkdaşlıq pedaqogikası məktəblərdə münasibətlərin demokratikləşməsinə doğru yönəlmişdir və məktəbliləri pedaqoji prosesin iştirakçısına, həmməsləkinə çevirmək üçün onları fəallaşdırmağa çalışır.
            Pedaqoji fəaliyyətin subyekti isə tərbiyə edilənə təsir göstərən müəllim, valıdeynlər və kollektivdir. Ən əsas təsir aləti isə müəllimin şəxsiyyəti, onun bilik və bacarıqlarıdır. Əgər şagirdlər müəllimin şəxsiyyətini qəbul etmirlərsə, onun biliklərinə, hərəkətlərinə tənqidi yanaşacaq, təsirinə qarşı çıxacaqlar.Şagirdə bir şəxsiyyət kimi yalnız düzgün əxlaqi təsir göstərən şəxs əsil tərbiyəçi ola bilər. Bu isə pedaqoqun mütamadi olaraq özünütəkmilləşdirməsi şərti ilə mümkündür.

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

         Bildiyimiz kimi,pedaqoji fəaliyyət cəmiyyətin yaşlı üzvlərinin – məqsədi gənc nəsli tərbiyə etməkdən, onu cəmiyyət həyatına hazırlamaqdan ibarət olan fəaliyyətidir.Pedaqoji fəaliyyət mürəkkəb və çoxcəhətli bir fəaliyyətdir.Qarşıda duran konkret vəzifələrdən (funksiyalardan) asılı olaraq pedaqoji fəaliyyətin müxtəlif növlərini fərqləndirirlər (öyrətmə,tərbiyə,təşkilatçılıq,təşviqatçılıq, özünütəhsil və s.).Pedaqoji fəaliyyətin həmin növləri ümumi struktura malikdir. Pedaqoji vəzifələrin həll edildiyini şərait pedaqoji şərait adlanır.Bu cür şərait 2 cür yarana bilər: 1) Qabaqcadan müəllim tərəfindən düşünülüb, planlaşdırılıb hazırlana bilər. (məs.problemli dərs) 2) gözlənilmədən,şagirdin davranışı ilə əlaqədar də yarana bilər.Bu zaman müəllim müəyyənlik şəraitində hərəkət etməli olur.
         Pedaqoji fəaliyyət böyük ictimai, sosial əhəmiyyət daşıdığı kim, onunla sıx bağlı olan pedaqoji ustalıq da bu işə, vahid təlim-tərbiyə məqsədinə xidmət etdiyi üçün böyük sosial əhəmiyyət daşıyır.Odur ki, ona yiyələnmək,ondan istifadə etmək işinə diqqətlə,dərin məsuliyyətlə yanaşmaq lazımdır. Pedaqoji ədəbiyyatda göstərildiyi kimi, şəxsiyyət strukturunda pedaqoji ustalıq öz-özünü təşkil edən sistemdir.Bu sistemin yaranmasında müəllimin daxili insansevərliyi,humanizmi,onun cəmiyyətə, müstəqil dövlətimizə bağlılığı mühüm rol oynayır.Müəllim öz ölkəsinin bugünki və gələcək perspektivlərini dərk edərək öz pedaqoji fəaliyyətini qurur.Bunları nəzərə alaraq pedaqoji ustalığın 4 əsas elementdən ibarət olduğunu qeyd edirlər:
  1. Müəllimin fəaliyyətinin humanist istiqamətliliyi. Bunu Təhsil Qanunumuz
da tələb edir. L.V.Tolstoy bu barədə çox gözəl demişdir: “İşimə və şagirdlərinə məhəbbəti birləşdirməyi bacaran şəxs, əsil müəllimdir”.Müəllimin humanist istiqamətliliyi onun idealında, maraqlarında, dəyərlərində, fəal mövqeyindədir. Hər bir müəllim şəxsiyyətinin pedaqoji istiqamətliliyi rəngarəngdir. Onu təşkil  edən dəyər istiqamətləri bunlardır:
1)Özünə qarşı – özünütəsdiq. Bu ona görə vacibdir ki, uşaqlar məndə bilikli, tələbkar, əsil bir müəllimi görsünlər.
2) pedaqoji təsir vasitələrinə, 3) məktəbliyə, uşaq kollektivinə, 4) pedaqoji fəaliyyətin məqsədlərinə - humanist strategiya, təsir vasitələrinin, fəaliyyətin obyektinin yaradıcı şəkildə dəyişdirilməsi. Müəllim üçün istiqamət növlərindən əsas məqsədə,humanist fəlaiyyətə yönəldilmiş aparıcı istiqamət vacibdir. Müəllimin professional ustalığı onun gələcək qarşısında öz məsuliyyətini duymaq şərtilə, şüurlu məqsədyönlülük və uşaqlara böyük məhəbbətin əlaqələndirlməsi ilə formalaşır.Humanist istiqamətlilik ən yüksək bir vəzifə kimi usta müəllimin gündəlik fəaliyyətində həmişə onun konkret vəzifələrini müəyyən edir. Uşaqları dərindən sevın usta müəllim həmişə, hər şeyin düzünü onlara deməli, düzgün istiqamət verməli,çətin situasiyalardan çıxmaqla, düzgün yol seçməklə onlara yaxından kömək etməli,hər vaxt Vətənin, millətin gələcəyini düşünməlidir.
2. Müəllimin professional bilikləri.Bu pedaqoji ustalığın fundamental əsasıdır. Müəllimin bilikləri bir tərəfdən elmə, tədris etdiyi fənnə, digər tərəfdən isə onu öyrənən şagirdlərə doğru yönəldilmişdir. Bunun məzmununa müəllimin tədris etdiyi fənni, onun metodikasını, psixologiya və pedaqogikasını bilməsi daxildir. Pedaqoji peşə biliyinin özünəməxsusluğu onun kompleksliliyində, ümumiləşdirilməsində, müəllimin şəxsi münasibətində xarakterizə olunur. (Məs. “Düşünürəm ki”, “Mənə belə gəlir ki”, “Məncə” və s.).Müəllimin ustalığı biliyin insaniləşdirilməsində, canlandırılmasında, onun sadəcə kitabdan verilməsində deyil, müəllimin dünyaya, həyata öz baxışları kimi təqdim edilməsindədir. Şagirdlər tərəfindən şəxsi mövqeyi kimi qavranılmasındadır. Peşə biliyinin əsasında müəllimin pedaqoji şüuru, onun pedaqoji fəaliyyətinin və davranışının əsasını təşkil edən prinsiplər, qaydalar formalaşır. Bunları da müəllim öz təcrübəsi əsasında əsasında qurur. Lakin onu dərk etmək, onun qanunauyğunluqlarını görmək isə yalnız elmi biliklərin köməyi ilə mümkündür.
3. Müəllimin pedaqoji qabiliyyətləri. Bu pedaqoji ustalığın mayasıdır və onun əsasında təkmilləşir, inkişaf edir. Müəllimin ən başlıca qabiliyyəti onun bütün digər qabiliyyətlərini birləşdirən əsas obyektə, formalaşan şəxsiyyətə qarşı olan həssaslığıdır. Qalan qabiliyyətlər bunlardır: didaktik, akademik, konstruktivlik, qnostik-idraki.
4. Pedaqoji texnika. Bu pedaqoji fəaliyyətin quruluşunu ahəngdar edən bütün təsir vasitələrinin kompleksidir. Bu elementlər bir-biri ilə sıx bağlıdır və bir-birinə təsir göstərirlər. 


PEDAQOJİ SİTUASİYA VƏ PEDAQOJİ VƏZİFƏ, ONUN YERİNƏ YETİRİLMƏSİNİN MƏRHƏLƏLƏRİ
         Pedaqoji vəzifə nədir? O əsas hüceyrəsi, mayasıdır və onun həll edilməsi müəllimin professionalizm səviyyəsini əks etdirir. Pedaqoji vəzifə - mövcud pedaoji situasiyanı yeni mərhələyə keçirib, dəyişdirmək, başqa şəklə salmaq, pedaqoji fəaliyyətin məqsədinə yaxınlaşdırmaq zırurətini daima dərk etməkdir. Çünki, bütün pedaqoji fəaliyyət pedaqoji situasiyalar zəncirindən ibarətdir. Bunların bəzisini müəllim özü yaratmalı olduğu halda, digərlərini isə şagirdlər təsadüfən yaradırlar. Pedaqoji fəaliyyətin fəlsəfəsi bunu tələb edir. Bir şagirdin dərsə gecikməsi, digərinin ev tapşırıqlarını etməməsi, dərsə hazırlıqsız gəlməsi, 2 şagirdin dərs zamanı söhbət etmələri və s.- bütün bunlar pedaqoji situasiyalardır. Müəllim bu situasiyaları dərk edir və özü üçün yerinə yetirəcəyi vəzifələri formalaşdırır:
1)   strateji xarakterli vəzifələr (uşaqlarda məsuliyyətlilik, təşkilatçılıq hisslərini nə cür formalaşdırmalı)
2)   taktiki xarakterli vəzifələr (dərsdə şagirdlərin idraki fəaliyyətinin aktivləşdirilməsi, billiklərin hesaba alınması və nəzarəti üzrə vasitələrin işlənib hazırlanması)
3)   situativ xarakterli vəzifələr (dərsə gecikən, dərsini oxumayan, dərsdə kənar işlə məşğul olan şagirdlərə nə cür reaksiya verməli və s.)
Müəllimin ustalığı mövcud situasiyanı pedaqoji vəzifəyə çevirməyi bacaran, yəni,mövcud şəraiti münasibətlərin dəyişməsinə,qarşıya qoyulmuş pedaqoji məqsədə yaxınlaşdırmaqdan ibarətdir.Əgər müəllim onu görməzsə,əhəmiyyət verməzsə,situasiya vəzifəyə çevrilməyə bilər.Beləliklə,situasiya məqsədyönlü pedaqoji fəaliyyət şəraitində vəzifəyə çevrilir.(situasiya+məqsəd=vəzifə). Məqsədə çatmaq üçün müxtəlif yollardan istifadə edilir.Məhz burada pedaqoji ustalığın səviyyəsi özünü göstərir.Bu isə müəllimin məqsədyönlülüyündən, pedaqoji biliyindən, qabiliyyətlərindən, pedaqoji texnikaya necə yiyələnməsindən asılıdır.
Pedaqoji vəzifənin həll edilməsi bir neçə mərhələdən keçir. 1-ci mərhələ situasiyanın təhlili və problemin dərk edilməsidir. Əksər hallarda gənc müəllimlər tələsdiklərindən bu mərhələni unudur, konfliktin dərinliyini çox vaxt duymur, situasiyanı tanış hesab edib, səhvlərə yol verirlər. Situasiyanı görə bilməmək,onu dərk etməmək,uşaqların hərəkətlərinin arxasında nələr dayandığını duymamaq vəzifənin həllində səhvlərə gətirib çıxarır. Situasiyanın ilkin təhlili zamanı ümumi pedaqoji prosesi harada, hansı şəraitdə baş verdiyini,şagirdlərin,tərbiyəçilərin xarakterini, onların qarşılıqlı münasibətlərini müəyyən etmək, uşaqların hərəkətlərindən razı və ya narazı qaldığını onlara hiss etdirmək,bir daha belə hallara yol verməyəcəyini başa salmaq çox vacibdir.Bu başlanğıc məlumatların təhlili mərhələsidir,2-ci mərhələdir.Bunun nəticəsində edilmiş hərəkətlərin motivləri, fəaliyyətin məqsədləri şəraitin spesifikliyi dərk edilir.Yalnız özü haqda, öz mövqeyi barədə düşünən müəllim şagirdlərin davranışlarıının həqiqi motivlərini görməyə bilər.Xüsusilə, müəllimin şagirdlərə qarşı böhtan xarakterli tələbələrlə çıxış etməsi,etmədiklər hərəkətləri onların adlarına yazması pedaqoji təsirin effektinə ciddi ziyan vura bilər. Müəllim bu mərhələdə şagirdin tərbiyəçilik səviyyəsini, estetik—mədəni duyumunu, genetik, əməli, potensial imkanlarını, idarəolunanlığını və s. hökmən nəzərə almalıdır.
Situasiyanın son və 3-cü mərhələsi müvafiq hiöotezin, fərziyyənin irəli sürülməsidir. Burada müəllimdən aktiv təfəkkür, təxəyyül tələb edən öz bilik və təcrübə ehtiyatından ən səmərəli yolları seçmək istənilir. Usta müəllim kolletivi də cəlb etməklə mövcud situasiyanı ətraflı təhlil edib, qərar çıxarmağa cəhd göstərir.
Pedaqoji vəzifənin bütün mərhələri başa çatdıqdan sonra işləniləcək metodlar sistemi seçilib ayrılır. Çox yaxşı haldır ki, usta müəllimlər üsul və vasitələri seçərkən özlərində baş vermiş arzuolunmaz situasiyaların yaranması səbəblərini axtarır, buna görə də hər bir qərarı düzgün olur və öz fəaliyyətinin ahəngdarlığına, özünütərbiyəyə doğru aparır.

PEDAQOJİ USTALIĞIN MƏZMUNU VƏ ONU FORMALŞDIRMAĞIN, REALLAŞDIRMAĞIN  YOLLARI
            Müəllim sənətinə öyrətmək olmaz,lakin ona qədər çətin də olsa öyrənmək mümkündür.Usta müəllimin yetişməsi yalnız təhsil sistemindən asılı olmayıb,həm də hər şeydən qabaq öyrənənlərin cəhdləridən Ona görə prdaqoji tədris müəssisələrində pedaqoji ustalığın əsaslarının öyrədilməsi sistemi hər bir tələbənin imkanlarının real səviyyəsinə müvafiq olaraq gələcək müəllimə professional inkişafın əsas mərhələlərini görməkdə və dərk etməkdə kömək edir.Hər şeydən əvvəl pedaqoji institut və ya texnikum tələbəni təlim prosesində yüksək professional səviyyə əldə etməyə istiqamətləndirməlidir.Bunu nəinki ictimai cəhətdəm vacib bir tələb, həm də hər bir müəllim üçün subyektivcəsinə əhəmiyyətli bir qayda kimi dərk etmək lazımdır. Pedaqoji usatalığın inkişafı müəllim hazırlığının mərkəzi məsələsidir.Ona görə də bu məsələdə diqqət mərkəzində psixoloji-pedaqoji fənlərin öyrədilməsi durur.“Pedaqoji ustalığın əsasları”,psixologiya, pedaqogika tarixi kimi fənlərin öyrənilməsi tələbələrə professional hazırlığın formalaşmasının məntiqi mənası haqda aydın təfəkkür verməlidir. .“Pedaqoji ustalığın əsasları”nın öyrədilməsi ilə tələbələrdə gələcək sənət, onun incəlikləri, özünüdərketmə haqda təsəvvür yaradılır, ideala-pedaqoji texnikanın yollarına, ünsiyyətdə pedaqoji mövqeyə yiyələnməkdə, təlim-tərbiyə prosesinin idarə olunması ustalığının əsaslarına yiyələnməkdə kömək edir. Bu fənn tələbələri 1-ci pedaqoji təcrübəyə hazırlayır, pedaqoji fəaliyyətin elə ilk mərhələlərində professional vəzifələri müvəffəqiyyətlə yerinə yetirməyə imkan verən pedaqoji mövqelərini inkişaf etdirir. “Pedaqoji ustalığın əsasları”  fənninin öyrənilməsi bu prinsiplərə əsaslandıqda daha müvəffəqiyyətlə aparılır:
1) Təlimə kompleks yanaşma prinsipi. Bu prinsipə görə bilik praktiki cəhətdən yaşanılmış təcrübə kimi mənimsənilir, nəticədə bilik bacarıqlara çevrilir.
2) Fəal kommunikasiyanın təşkili prinsipi. Bu prinsip tələbələri fə,iuuuuuuuuuuuuuuuuallaşdırmağa doğru yönəldilmiş tapşırıqlar,rollu oyunlar, yarışlar,fəaliyyətin fraqmentlərinin nümayiş etdirilməsi və müzakirələri, tələbələrin dərslərinin gedişatının təşkilinə cəlb edilmələri və s.məsələləri nəzərdə tutur.
3) Pedaqoji hərəkətlərin parçalanması,bölünməsi prinsipi.
         Bu prinsip hər bir tələbənin psixofiziki və pedaqoji treninq prosesində ardıcıllıqla ayrı-ayrı fəndlərə yiyələnmələrini nəzərdə tutur. Çox vacibdir ki, hər bir tələbə bu və ya digər təlim ilində yiyələncəyi hər bir anlayışın, bacarığın həcmi haqda məlumat əldə etsin.
4)   Aspekt yanaşma prinsipi. Bu prinsip pedaqoji üzrə məşğələlərdə onların
ixtisaslarını da nəzər almağı tələb edir.
5)   Bilik və bacarıqların baza məktəblərindəki pedaoji təcrübədə keçirilən
təcrübi məşğələlərlə əlaqələndirilməsi prinsipi.
         Aydındır ki, tələbələr müəllimlərin rəhbərliyi altında mərhələlərlə şagirdlərin fəaliyyətini təşkil etməyə qoşulurlar.Müşahidədən dərsin fraqmentlərində iştirak, tərbiyə prosesində iştiraka və oradan da təlim və tərbiyə işlərinin müstəqil işlənib hazırlanmasına və yerinə yetirilməsinə doğru yol gedirlər.Professional ustalığın yaranması bütün tədris müəssisəsinin bütün həyatının maksimum pedaqojiləşdirilməsi ilə daha da müvəffəqiyyətlə aparılır.Tələbələrin dərnəklərdə,klublarda,studiyalardakı fəaliyyətləri bu cəhətdən daha faydalıdır.Kütləvi pedaqoji bayramların,Müəllim gününün,pedaqoji məsələlərn teatrlaşdırılmış həllinin,pedaqoji qiraətlərin keçirilməsi,qabaqcıl və yenilikçi müəllimlərin dərslərində, tədbirlərində iştirak etmək,pedaqoji ustalıq müsabiqəsi təşkil etmək və s. də gənclərin pedaqoji ixtisaslara meyllənməsində son dərəcə mühüm rol oynayır.
         Yalnız bütün müəllimlər kollektivinin,tələbələrin qarşılıqlı təsiri, keçirdikləri birgə tədbirlər nəticəsində gələcək müəllimin pedaqoji ustalığın zirvələrinə doğru əhəmiyyətli irəliləyişini əldə etmək mümkün olur. Çünki, təlim ikitərəfli bir prosesdir və o qarşılıqlı tərəfdən də tam fəallıq tələb edir.


MÜƏLLİMİN ÖZÜNÜTƏRBİYƏSİ PEŞƏ USTALIĞINI FORMALAŞDIRMAĞIN ƏSAS YOLU KİMİ
            Bildiyimiz kimi, tərbiyə kor-koranə deyil, idarəolunan gözlənilən nəticələri mövcuddur. Çünki, onun məqsədi, motivləri, funksiiyaları və gözlənilən nəticələri mövcuddur.Şübhəsiz, bunların hər birini nəzərə almaq və tərbiyə işini onlara müvafiq olaraq təşkil etmək elə onun idarə edilməsi deməkdir. Tərbiyə həm daxili, həm də xarici idarəetmə imkanlarına malikdir. Xarici idarəetmə tərbiyə edənlərdən asılıdır. Daxili idarəetmə isə hər bir fərdin özündən asılıdır və özünütərbiyə prosesində həyata keçir, özünüidarə rolunu oynayır. Özünütərbiyə insanın şüurlu olaraq öz şəxsiyyətində dəyişikliklər etməyə yönəlmiş fəaliyyətindən ibarətdir. Özünütərbiyənin həyata keçməsi üçün şəxsiyyətin və onun  özünüdərketməsinin müəyyən inkişaf səviyyəsinin, özünün hərəkətlərini başqalarının hərəkətləri ilə müqayisə zamanı təhlildən  istifadə edə bilmək qabiliyyətinin, eləcə də daim özünütəkmilləşdirmək göstərişinin olması tələb edilir. Şəxsiyyətin özünütəkmilləşdirməsi onun cəmiyyətdəki həyati tələbatları və fəaliyyəti ilə, inkişafı ilə şərtlənir. İnsanın yaşadığı ictimai şərait, aldığı təlim və tərbiyə onun özünütərbiyəsində həlledici rol oynayır. İctimai həyata, eləcə də onu əhatə edən mühitin tələbatlarını, öz qüvvə və imkanlarını aydın dərk etmək əsasında insanın öz həyatını daha münasib əsaslar üzrə qurmaq üçün arzu etdiyi keyfiyyətləri özündə inkişaf etdirməsi və ya malik olduğu şəxsi keyfiyyətləri dəyişdirməkdən ötrü özünü şüurlu, planlı, məqsədəuyğun və müntəzəm surətdə təsir etməsi, rəftar və davranışını təkmilləşdirmək qayğısına qalması özünütərbiyə adlanır. Həyati faktlar özünütərbiyənin geniş imkanlara malik olduğunu bir daha təsdiq edir. İnsanların özünütərbiyə ilə məşğul olmaları çox qədim tarixə malikdir. Hələ ibtidai icma dövründə adamlar özlərində ovçuluğa, atıcılığa, vuruşmağa aid müəyyən bacarıqlar yaratmaq üçün özünütərbiyədən istifadə edirdilər.İctimai məna daşıyan özünütərbiyə tərbiyə prosesindən doğur və ona qüvvətli əks təsir göstərir. Çünki, özünün həyata olan münasibətini başa düşdükdə onun əsil mənada özünütərbiyəsi başlayır. Özünütərbiyə işini düzgün təşkil etmək və istiqamətləndirmək üçün müəllim şagirdlərin fərdi xüsusiyyətlərini diqqətlə öyrənməli, onların “psixoloji tərcümeyi-halına” dərindən bələd olmalıdır. Bu işdə uşağın marağı, meyli, həvəsi, adətləri nəzərə alınmalıdır. Uşaqlara böyük şəxsiyyətlərin özünütərbiyə ilə nə cür məşğul olmaları haqda çoxlu misallar gətirmək lazımdır. Məsələn, böyük rus yazıçısı L.N.Tolstoy öz yaddaşını tərbiyə etmək üçün hər gün məşğul olmuş, pedaqoq K.D.Uşinski isə bu iş üçün xüsusi proqram tərtib etmişdir. L.Tolstoy günah iş görəndə özünə tənqidi məktub yazardı. Böyük sərkərdə A.Luvorov düzgün iş tutmayanda özünü həbs edirdi.
         Müəllim özünütərbiyə ilə ciddi məşğul olmalı, öz geyiminə, hərəkətlərinə, səliqə-sahmanına, danışığına daim fikir verməli, şagirdlərinə yaxşı nümunə göstərməyə çalışmalı, onu nüfuzdan sala biləcək hərəkətlərə heç zaman yol verməməlidir. Müəllim yadda saxlamalıdır ki, özünütərbiyə bu anlayışları əhatə edir və qanunauyğun bir hadisədir.
1)   Özünü dərk etmək (özünümüşahidə, özünütəsdiq, özünütəhlil, özünütənqid, özünümühakimə, özünəqiymət, özünübəyənmə)
2)   Özünü məcbur etmək (özünə qarşı tələbkarlıq, özünə amr vermək, özünəhesabat, özünütəlqin, özünü yoxlamaq)
3)   Özünü ələ almaq (müstəqillik, fəallıq, təmkinlilik, özünənəzarət)
Müəllim bilməlidir ki, yaşın artması ilə əlaqədar olaraq, özünütərbiyənin
məqsədi də dəyişir.
         Böyük rus pedaqoqu K.D.Uşinski müəllimin özünütərbiyəsi üçün qaydaları belə müəyyən etmişdir:
1)   Tam sakitlik
2)   Sözündə və hərəkətində səmimilik
3)   Düşünülmüş hərəkətlər
4)   Qətiyyətlilik
5)   Ğzün haqda vacib olmadıqda danışmamaq
6)   Vaxtını mənasız keçirməmək; vacib olanı etmək
7)   Yalnız ən vacib və xoş olanı etmək, ehtirasa uymamaq
8)   Hər axşam öz hərəkətləri haqqında özünə hesabat vermək
9)   Gördüyün, görəcəyin işlər haqqında heç vaxt öyünməmək
Müəllim bu qaydaları müasir vəziyyət baxımından təhlil etməli və onlara
yaradıcı yanaşmaqla əməl etməlidir. Müəllim unutmamalıdır ki, onun fəaliyyəti təkcə şagirdlərinin təlim-tərbiyəsi ilə məşğul olmaqla qurtarmır. O, tərbiyə məsələləri ilə məşğul olan professional bir şəxs kimi həm də bütov bir cəmiyyətin tərbiyəçisidir.Bu tərbiyə işində isə müəllimin özünütərbiyəsi bütöv bir cəmiyyətə güclü təsiredici vasitə kimi mühüm rol oynayır.


ESTETİK HİSSLƏR PEDAQOJİ USTALIĞIN VACİB  KOMPONENTİ KİMİ
Pedaqoji ustalığın vacib komponentlərindən biri də estetik hisslərdir. Çoxdan dərk olunmuş həqiqətdir ki, cansız, sönük, sırf məlumat mahiyyəti daşıyan dərs və ya tərbiyəvi tədbir bir o qədər də səmərəli olmur.
Müəllimlik peşəsinin incəsənətlə əlaqəsi, birləşməsi zəruriyyəti də bu komponentin tələblərindən doğur. Ona görə də müəllimin öz hissələrini ifadə etmək bacarığı, onu uşaqlar üçün daha duyumlu və cəlbedici edə bilməsi pedaqoji işdə mühüm rol oynayır. Müəllim öz hissini keçdiyi mövzunun, apardığı əxlaqi söhbətin emosionallığını məhz nitqinin ahəngi, əllərinin, başının hərəkəti, sifətinin mimikası, ifadəli vəziyyəti, baxışları və s. ilə məktəbliləri özünün müəyyən hadisələrə, baxışlara, əxlaqi dəyərlərə şəxsi münasibətləri ilə bir növ yoluxdurur, birgə həyəcan keçirməyə dəvət edir. Belə hissi ahəngdarlığa nail olmaqla, müəllim şagirdin hissi aləminə fəal təsir göstərmək imkanı-onun idrakı və praktiki fəaliyyətinin katalizatorunu əldə edir. Hər bir fənn müəllimi bilməlidir ki, şəxsiyyətin inandırılması hisslərdən kənarda mümkün deyildir. İnamlar gözəllik, ülvilik kimi müsbət hisslərin biliklərlə sıx birliyi nəticəsində daha möhkəm olur. Bunların da əsasında şəxsi etik anlayış olan vicdan formalaşır. Şəxsiyyətin maraqlarını və tələbatlarını şərtləndirən müxtəlif psixofizioloji göstərişlər, davranışın və praktiki hərəkətin stereotipləri daha məhsuldarlıqla formalaşır. Ona görə də müəllimin praktiki təlim-tərbiyə fəaliyyəti üçün ona hisslərin növlərini, onların xüsusiyyətlərini, təzahürü xassəsini hökmən bilmək lazımdır. Məlumdur ki, şəxsiyyətin mənəvi aləmi çoxtərəfli, fasiləsiz həyəcanlardan, hisslər okeanından ibarətdir. Onlar təfəkkür, iradə, dünyagörüşü, əxlaq, mədəniyyət və biliklərlə sıx bağlıdırlar.
Hisslər insanın bütün duyğularını, münasibətlərini əhatə edir. Böyük rus pedaqoqu K.D.Uşinskinin sözləri ilə desək, şəxsiyyət tam şəkildə hisslərində təzahür edir.Müəllimin pedaqoji ustalığı təfəkkürün və hisslərin “başın” və “ürəyin” ahəngdarlığına əsaslanır. Elmdə hissləri müsbət və mənfi hisslərə ayırırlar ki, bunların da birliyi estetik hissləri müəyyən edir. Estetik hissləri əmək, din, təbiət, incəsənət, insan münasibətləri və s. törədir. Müsbət estetik hisslərə gözəllik, ülvilik, mənfi estetik hisslərə isə eybəcərlik, alçaqlıq aiddir.
Faciəvilik və komiklik bunlar arasında keçid təşkil edirlər. əgər qavranılan aləm qavrayışın ideallarına uyğun gəlirsə, belə hissləri gözəl, əgər bu zaman müsbət həyəcanların intensivliyi, ardıcıllığı olarsa, belə hisslər ülvi adlanırlar. Əgər qavranılan aləm qavrayanın ideallarına uyğun gəlmirsə və normal mənfi həyəcanlar törədirsə, belə hisslər eybəcər, onların həddini aşması isə alçaqlıq adlanır. Hissi həyəcanlar insan həyatının normasını əks etdirir. Hisslər insanı idarə edirsə, bu xəstəliklə qurtarır. Odur ki, hər bir insan hisslərinin əsiri olmamalı, onları ağılla idarə etməyə, cilovlamağa çalışmalıdır.Yersiz əsəbləşmək. Hər xırda məsələdən ötrü özündən çıxmaq. Uşaqları təhqir etmək, şəxsiyyətlərini alçaltmaq müəllimə yaraşmaz. Bu müəllimin insansevərliyi ilə heç də uyğun gəlmir. Onunla tərs mütənasiblik təşkil edir. İnsan hissləri ali sinir fəaliyyəti ilə şərtlənir. İnsan orqanizminin xarici və daxili dəyişmələrində təzahür edir. Daxilən onlar ifadəli vəziyyətlərdə (pozalarda), boyun əzələlərinin tonusunun dəyişməsində, jestlərin dinamikasında, mimikada, nəfəsalmada, səsin intonasiyasında, gözlərin hərəkətində, dərinin rəngində, nəmliyində, gülüşlərdə və ağlamalarda əks olunur. Daxilən isə hisslər daxili sekresiya vəzilərinin əhəmiyyətli dəyişmələrində, çoxlu adrenalinin qana daxil olmasında, ürəyin koronar qan damarlarının genişlənməsində, qanın laxtalanma sürətinin artmasında, həzm aparatının işinin tormozlanmasında və s. əksini tapır.
Hər bir müəllim bütün bunları nəinki bilməli, həm də uşaqların estetik hisslərinin, xüsusilə də müsbət hisslərin inkişafı metodikasına da yiyələnməlidir.Pedaqoji işin müvəffəqiyyəti yalnız bunlara əsaslanır. Yalnız uşağın daxili aləminə təsirin pedaqoji qanunlarına yiyələnmiş müəllimlər onların estetik təhsilini və tərbiyəsini düzgün təşkil edə bilərlər.

MÜƏLLİMİN USTALIĞI VƏ ŞAGİRDLƏRİN TƏCRÜBƏSİ
            Məlumdur ki, təcrübənin qazanılması elm tərəfindən uşaqların cəmiyyət həyatına hazırlanmasının psixoloji və fizioloji əsasları olan mürəkkəb psixofiziki göstərişlərin, şərti-reflektor əlaqələrin yaranması prosesi kimi izah edilir. Alınması mənbələrinə görə təcrübənin 2 növünü qeyd edirlər. 1) bilavasitə şəxsi təcrübə, 2) bilavasitə 2-ci siqnal sisteminin köməyilə qazanılan təcrübə.
         Ontogenetik planda uşağın cəmiyyət həyatına hazırlanmsına müxtəlif növ təcrübələrin emosional-hissi inkişafından, bu əsas üzərində gerçəkliyin dırk olunmasından, xarici mühitin təsirlərinə ilk adekvat cavab vərdişlərindən başlayır. Beləliklə, müasir dövrdə əsas həyat təcrübəsi uşaqların estetik, əqli, praktiki inkişafının yeganə mənbəyi kimi çıxış edir. Nitqin və təfəkkürün formalaşması getdikcə estetik,əqli,praktiki təcrübə növləri də inkişaf edir, mənimsənilir, söz və praktiki hərəkət yolu ilə təkmilləşir. Bu zaman qavranılan yeninin şəxsi təcrübəsi ilə qarşılaşdırılması prosesi baş verir. Belə proses məqsədəyönəlmiş pedaqoji rəhbərlik tələb edir: müstəqilliyə,iradi cəhdlərin təzahürünə və bu zaman gözəllik, ülvilik kimi maksimal hissi həyəcanların alınmasına səbəb olur.
         Uşaqlara demokratik rəhbərliyin əsasını “paralel pedaqoji təsir” təşkiol edir ki, bu da onlarda şəxsiyyətin ictimai istiqamətliliyini tərbiyə edir. Bu metodika uşaq kollektivinin xüsusiyyətlərini, onun əxlaqi-estetik gücünü nəzərə alır və uşağı cəmiyyətin bir üzvü, öz kollektivinin müstıqil sahibi kimi formalaşdırır. Uşaqların həyata, əmək kollektivi ilə işgüzar əməkdaşlığa cəlb olunması, onların fəaliyyətinin ictimai əhəmiyyətinin başa düşülməsi uşaqların müstıqilliyə, yaradıcılıq fəallığına təbii cəhdlərini təmin edir. Bunların əsasında rəngarəng pedaqoji situasiyalar yaratmaq, əmək və ictimai ənənələrin mənimsənilməsini, təlimin məhsuldar əməklə əlaqələndirilməsini, uşaqların elmi-texniki yaradıcılıqda iştirakını təmin etmək mümkündür. Pedaqoji vasitələr sistemində uşaqların milli mədəniyyəti mənimsəmələri də olduqca mühüm rol oynayır.
         Xor ifası,musiqi savadı,xalq ritmləri,lepka,rəssamlıq-uşaqların estetik inkişafını müəyyən edən əsas fəaliyyət növləridir. Bu işdə müəllim fəaliyyətinin müvəffəqqiyyəti müəllimlə şagirdin estetik həyəcanlarının qohumluğu, yaxınlığı ilə təmin olunur. Bəzi hallarda müəllimlə şagirdin estetik inkişafları arasında ciddi ziddiyyətlər olur. Müəllim buna görə də öz şəxsi ustalığını itiləməli,pedaqoji yaradıcılığın həqiqətini tapmağı bacarmalıdır ki, bunlar da müəllimlə şagirdin təcrübəsi qovşağındadır.


LABARATOR – TƏCRÜBƏ MƏŞĞƏLƏ: PEDAQOJİ PEŞƏYƏ HAZIRLIQ
Məqsəd:  Müəllimin mövqeyinin formalaşmasına tələbələrdə ilk göstərişlərin, baxışların yaradılması.
                                      Məşğələnin planı
1.   Nəzəri məşğələlər üzrə biliklərin yoxlanılması.
2.   “Mənim müəllimlik idealım” mövzusunda söhbət.
3.   Mikroçıxışlar “Mən və peşəm” (3-5 dəqiqə).
4.   Tanınmış müəllimlərin hazırlıq proqramlarının təhlili.
5.   Müəllimin özünütərbiyəsi proqramının tərtib edilməsi və peşə
yetkinliyi gündəliyinin doldurulması.
                                                     Məşğələnin gedişatı
1.   Nəzəri biliklərin yoxlanılması.
1)   Müəllimlik peşəsinin ictimai əhəmiyyəti.
2)   Cəmiyyətdə müəllimin funksiyaları, ona edilən tələblər.
3)   Müəllim şəxsiyyətinin professional formalaşmasında özünütərbiyənin
rolu.
4)   Özünütərbiyənin əsas mərhələləri.
5)   Özünütərbiyənin vasitələri.
2.   “Mənim müəllimlik idealım” mövzusunda söhbətin keçirilməsi.
Tapşırıq 1.
“Bazar gününüdək yaşayaq”, “Bizim Cəbiş müəllim” filmlərindən
fraqmentlərə baxmaq və müəllimlik sənətinin əsas xüsusiyyətlərini təhlil etmək.
Tapşırıq 2. Respublikamızın görkəmli pedaqoq – alimlərinin, yenilikçi,
qabaqcıl müəllimlərinin televiziyadakı, mətbuatdakı çıxışlarının müzakirəsi, müəllim və təhsil haqqında söylənilmiş fikirlər əsasında müasir müəllimə edilən tələbləri açmaq.

Tapşırıq 3.“Mənim ideal müəllimim” mövzusunda inşa yazmaq və
burada ideal müəllimin əsas keyfiyyətləri haqqında öz fikirlərini əsaslandırmaq, konkret müəllim surətləri əsasında müəllimə edilən ümumi tələbləri açmaq,  sosial ideal müəllim şəxsiyyətini müəyyənləşdirmək, onun tələbələrin həyat təcrübəsinə konkret təsirini şərh etmək.
Tapşırıq 4. Məşğələnin əvvəlki mərhələlərində əldə edilmiş fikirlər
əsasında ideal müəllimin keyfiyyətlərinin ümumiləşmiş siyahısını tərtib etmək.
Tapşırıq 5. Pedaqoji təxəyyülün inkiçafı üçün çalışmaların yerinə
yetirilməsi.
1)   Qrafik simvolika, emblem yaratmaqla ideal müəllim haqda
təsəvvürünü ifadə etmək.
2)   Həmin qrafiki vasitələr yolu ilə özünün pedaoji fəaliyyətə hazırlıq səviyyəni ifadə etmək.
3.   “Mən və peşəm” mövzusunda mikroçıxışlar (3-5 dəqiqə) çıxışların
təxmini planı bu cür qurula bilər: mən nə üçün müəllimlik peşəsini seçmişəm; mən bu gün uşaqlara nə verə bilərəm; texnikumda professional hazırlıq prosesində mən nələrə nail olmaq istəyərdim. Çıxış edən tələbələrə mövzuya aid suallar verilə bilər. Bu məşğələdə tələbələrə kütləvi çıxışlara edilən ilk tələbləri mənimsəmələri məsləhət görülür: auditoriyaya baxmaq və şəxsi fikirlərini konspektə istinad etmədən söyləməyi bacarmaq.
4.   Tanınmış müəllimlərin hazırlıq proqramlarının təhlili. Tələbələrin şəxsi
seçimlərinə əsasən tanınmış pedaqoqların (K.D.Uşinski, A.S.Makarenko, V.A.Suxomlinski, Ə.Seyidov, M.Muradxanov, M.Mərdanov, Ə.Ağayev, S.Tağıyeva) özünütərbiyə işi üzrə hazırlıq proqramları haqda danışmaq, bunun üçün onların əsərlərindən, müxtəlif ədəbiyyatdan istifadə etmək.
5.   Müəllimin özünütərbiyəsi proqramının tərtib edilməsi və peşə
yetkinliyi gündəliyinin doldurulması. Bu individual, fərdi iş tələb edir. Məsələn, iradəni tərbiyə etmək üçün belə proqram məsləhət görülür:
1)   Gün və həftə üçün iş planı tərtib etmək, onu hökmən yerinə yetirməyə
çalışmaq.
2)   Özündə mənfi emosiyaların qalib gəlmək. Müvəffəqiyyətə inanmaq.
3)   Həyatdakı maneələri dəf etmək.
4)   “Mən özümə inanıram”, “Mən bunu edəcəyəm” kimi özünətəlqin
formalarından istifadə etmək.
         Analoji şəkildə diqqətin, məqsədəyönlülüyün, nikbiliyin, cəsurluğun tərbiyəsi üzrə də proqramlar tərtib edilə bilər. Şagirdlər dəftərlərində professional yetkinlik üzrə gündəlik çəkib hazırlayır və əldə olunan nəticələr əsasında onu doldururlar.


PEDAQOJİ TEXNİKA, ONUN MAHİYYƏTİ, KOMPONENTLƏRİ
         Usta müəllimin müvəffəqiyyətinin sirləri ilə maraqlanarkən, bir pedaqoji təsir üsullarının yonulmuşluğu, ən müxətlif təcrübi məsələlərin sənətkarlıqla qoyuluşu və həlli ilə qarşılaşırıq. Burada ən mühüm rol xüsusi bacarıqlara məxsusdur: şagirdləri intensiv idraki fəaliyyətə cəlb etmək, suallar qoymaq, kollektivlə və tək bir şəxsiyyətlə ünsiyyətdə bilmək və s. Pedaqoji texnika elə bunlarla məşğul olur, müəllimin fəaliyyətinin daxili məzmununun və onun xarici ifadəliliyinin ahəgdar birliyinə imkan yaradır. Müəllimin ustalığı mənəvi mədəniyyətin və pedaqoji cəhətdən məqsədəmüvafiq xarici ifadəliliyin sintezindədir, birliyindədir. Texnika, yolların, üsulların uyğunluğudur. Pedaqoji texnika isə müəllimin təlim, tərbiyə, təhsil və inkişaf problemlərinin həlli  zamanı əldə edib, nümayiş etdirdiyi ümumi pedaqoji bacarıqlar kompleksidir. Pedaqoji texnika müəllimin nitq və qeyri-verbal  (şifahi) ünsiyyət vasitələrində təzahür edib, fəaliyyət göstərir, onun nitq, danışığı, təfəkkürü, mimikası, pantomimikasl, jesti, əl-qol hərəkətləri, sifət əzələləri, duruşu, məvıvi emosiyası və s. ilə tamamlanır, inkişaf etdirilərkən daha da zənginləşdirilir. Texnikaya yiyələnmək – müəllimin qarşısında duran ən vacib pedaqoji məsələlərin həlli üçün incə bir alətə sahib olmaq deməkdir. “Pedaqoji texnika” anlayışına 2 qrup komponentlər daxildir:
         1-ci qrup komponentlər müəllimin özünü idarə etməsi ilə bağlıdır. Müəllimin öz vücudunu idarə etməsi (mimika, pantomimika), hisslərini, əhval-ruhiyyəsini idarə edə bilmək (artıq psixi gərginliyi  götürmək, yaradıcılıq, əhval-ruhiyyəsi yaratmaq), sosial-psixoloji qabiliyyətlər (diqqət, müşahidə, mühakimə, təxəyyül), nitq texnikası (nəfəsalma, diksiya, nitq tempi, səsin düzgün qoyuluşu və s.).
         Pedaqoji texnikada müəllimin öz psixi vəziyyətini, əhval-ruhiyyəsini tənzimləməsi xüsusi əhəmiyyət kəsb edir. Müəllimin özünü emosional cəhətdən yaradıcı, nikbin, xeyirxah və humanist vəziyyətdə hiss etməsi onun əmək gərginliyini azaldır, mənəvi istirahət etməsinə zəmin yaradır. Müəllimin aktyor və rejissor bacarığı elementlərinə yiyələnməsi də pedaqoji texnikada əhəmiyyətli rol oynayır. Bunun sayəsində müəllim öz şagirdlərinin yalnız zehninə deyil, həm də hisslərinə daha güclü təsir göstərə bilir.
         2-ci qrup komponentlər şəxsiyyətə və kollektivə təsir göstərmək bacarıqları ilə bağlıdır və təlim-tərbiyə fəaliyyətinin texnoloji tərəfini açır. Yəni, müəllimin didaktik, təşkilatçılıq, konstruktiv, kommunikativ və s. bacarıqları, texnoloji fəndlər (məs. tələb vermək, ünsiyyəti idarəetmə, kollektiv yaradıcılıq işlərinin təşkili fəndləri və digər işlər) nəzərdə tutulur.
         Beləliklə, pedaqoji texnika müəllimin elə kompleks bacarıqlar sistemidir ki, ondan-pedaqoqdan daima yaradıcı işləməyi, şagirdlərlə işləyərkən mövcud şəraitə, vəziyyətə uyğun daha faydalı – effektli təsir vasitələrini tapmağı tələb edir. Pedaqoji texnikaya yiyələnmək, inu bacarmaq məsələsinə kompleks yanaşmaq lazımdır. İnkişaf etmiş pedaqoji texnika müəllimə öz fəaliyyətində şagirdin şəxsiyyətinə, genetik imkanına uyğun-münasib ən yaxşı peşə bacarıqlarını nümayiş etdirməyə, düzgün, lazımlı söz, intonasiya, jest, baxış tapmağa, özünü təmkinli aparmağa, ağır pedaqoji situasiyada aydın mühakimə yürüdüb düşünməyə, düzgün yol seçməyə kömək edir.

PEDAQOJİ FƏALİYYƏTDƏ TEXNİKANIN ƏHƏMİYYƏTİ. GƏNC MÜƏLLİMİN PEDAQOJİ TEXNİKASININ TİPİK NÖQSANLARI
         Pedaqoji texnikaya yiyələnmək, onu bacarmaq məsələsinə kompleks yanaşmaq lazımdır. Bu bacarıqların vahidliyini təmin edən bir-neçə ümumi əlamətlər var. İlk növbədə pedaqoji texnikanın tətbiqi zamanı bilavasitə müəllimin şagirdlə qarşılıqlı fəaliyyəti. Məhz bu zaman pedaqoji texnikanın situasiyalılığı, pantomimliyi, improvizasiyası, yəni yaranmış şəraitə, vəziyyətə görə düzgün hərəkət etmək məharəti meydana çıxır. Bütün bunlardan başqa müəllimin texnikadakı bütün bacarıqları pedaqoji ünsiyyətdə eyni vaxtda özünü biruzə verir, göstərir. Belə ki, nitq, jest, mimika, vurğu, pafos, müxtəlif hərəkətlərlə müşayiət olunmaqla, fasiləsiz, öz-özünə nəzarət müəllimə daha təsirli və faydalı vasitələri seçməyə, tətbiq etməyə imkan verir. Pedaqoji texnikaya yiyələnməyin digər bir mühüm əlaməti pedaqoqların hansı fərdi-şəxsi xarakterli olmasıdır. Bunlar isə müəllimin psixi-fizioloji əlamətləri əsasında formalaşır. Fərdi pedaqoji texnika pedaqoqun yaşından, cinsindən, temperamentindən, anatomik-fizioloji xüsusiyyətlərindən, formalaşması şəxsiyyətin ən incə və dərin keyfiyyətlərinin inkişafına güclü təsir göstərir. Yəni nitqin ifadəliliyi, təmizliyi, savadlılığı üzərində işləməklə təfəkkürü səfərbər edir, xarakterin əlaməti kimi emosional tarazlaşmanın inkişafına gətirib çıxarır və s. Pedaqoji texnikaya yiyələnməyin 3-cü mühüm əlaməti bu bacarıqlar vasitəsilə pedaqoji ünsiyyət zamanı əxlaqi, estetik mövqeyin şagirdlərə daha tam şəkildə açılmasıdır. Pedaqoji ustalığın səviyyəsi, həm də müəllimin ümumi mədəniyyətinin səviyyəsini, onun pedaqoji peşə potensialını göstərir. Əgər müəllimin nitqi kasıbdırsa, monotondursa, emosiyalarını cilovlaya bilməyib, onlara həddən artıq sərbəstlik verirsə, öz axmaq zövqü ilə tanınırsa, nə qədər gözəl, lazımlı tədbir keçirsə də, onun  heç  bir  tərbiyəvi  təsiri olmayacaqdır.
         Yeni fəaliyyətə başlamış müəllimin pedaqoji texnikasında bu çatışmamazlıqlar özünü göstərir:
         Şagird və valideynlərlə səmimi, mehriban danışmağı, daxili həyəcanını və hirsini boğmağı bacarmamaq, özünün acizliyini, imkansızlığını gizlədə bilməmək, danışığını tənzimləməyi bacarmamaq, nitqindəki sönüklük, dolaşıqlıq, monotonluq. Özünü gah çox ciddi, gah da çox mülayim aparması, hərəkətlərinə nəzarət edə bilməməsi, sinifdə gah tez-tez gəzməsi, gah da donmuş halda hərəkətsiz qalması. Bütün bu nöqsanlar uşaqlara effektiv təsir göstərməyə imkan vermir. Müəllim hazırlığı ilə məşğul olan idarə və müəssisələrin ümdə məqsədi bu nöqsanların ləğvinə doğru yönəldilməlidir.